Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin evində qanunsuz qaz xətti aşkarlandığı iddia edilib. QMİ sədrinin 15 ildir qaz pulu ödəmədiyi bildirilib. Bu barədə mayın 24-də Qafqazinfo xəbər verib.

Tanınmış jurnalist Əvəz Zeynallının sözlərinə görə, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

“Verilən məlumatlara görə, “Azəriqaz” əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkara çıxıb. Təbii ki, onlar ləğv olunub. Bilmirəm, buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir ki, var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub”, – deyə jurnalist əlavə edib.

Lakin “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”ya bu barədə məlumatsız olduğunu deyib: “Bizim üçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”, – deyə şöbə rəisi qeyd edib.