Nizami rayonunun Keşlə qəsəbəsinin ərazisində, Şəhidlər xiyabanının yaxınlığında gecə klubu açılıb. Bu barədə mayın 22-i Qafqazinfo xəbər verib.

Giperssilka.ru-nun verdiyi məlumata görə, “İnfiniti” gecə klubu Keşlədə yerləşən “Monte Karlo” şadlıq sarayına köçürülüb. Baş verən dəyişiklik qəsəbə sakinlərinin narazılığı ilə qarşılanıb. Onlar əraziyə toplaşaraq etiraz aksiyası keçiriblər. Etirazçılarla klubun rəhbərliyi arasında mübahisə yaranıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Nəticədə klubun fəaliyyəti dayandırılıb.

“Şükür Allaha, buna nail olduq. Onlar buna özləri vadar etdilər. Bu 20 gün müddətində elə bir vəziyyət yarandı ki, həqiqətən, biabırçılıq idi. Qəsəbənin sakini kimi burada iştirak etmək hamının borcu idi. Kəndin istəyi şeytan yuvasının tamamilə ləğv olunmasıdır”, – deyə etirazçıların biri qeyd edib.

Qeyd edək ki, sözügedən ərazidə Şah Abbas məscidi də yerləşir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır və hüquqi qiymət veriləcək.

Daha öncə də, 2018-ci ildə sözügedən ərazidə “pivəxana” açılmışdır. Bu da sakinlərin dəfələrlə etiraz etmələri ilə nəticələnib.