Məscid Bakının Keşlə qəsəbəsində, Kamran Əfqari küçəsində yeləşir. Tarixi abidənin XVII əsrə aid olduğu hesab edilir. Məscidin giriş qapısının üstündəki kitabədə abidənin Şah Abbasın (Səfəvi hökmdarı) əmri ilə tikildiyi qeyd olunur. Buna görə yerli əhali arasında bu məscidə Şah Abbas məscidi deyirlər.

Məscidin tağları dairəvi formada olan günbəzdə birləşir. Günbəzin aşağı hissəsi 12 guşəlidir. Bu 12 İmama (ə.s) işarə edir. Məscidin mehrabı və minbəri yonulmuş sal daşlardan düzəldilib. İbadət evinin pəncərələri iki laydan ibarətdir, birinci layı taxta, ikinci layı isə bütöv yonulmuş daşla işlənib.

Bu məscid sovet dövründə fəaliyyət göstərməyib. 1989-cu ildə ibadət evi yenidən istifadəyə verilib.

Keşlə qəsəbəsi Şah Abbas məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az