Mayın 22-də İmam Rza (ə.s) hərəmində din xadimlərini qətlə yetirən şəxsin məhkəməsi keçirilib. Bu barədə rfi.fr xəbər verib.

Məlumata görə, təqsirli bilinən şəxs silahı hərəmə gizlincə keçirib. Onun sözlərinə görə, o, hücumun keçirilməsi üçün internet vasitəsilə təlimlər izləyib. Bununla belə törədilən cinayətin səbəbi hələ də açıqlanmır, cinayətkar isə əməlindən peşman olduğunu deyib.

“Mənim hərəkətim İslama, səhabələrin rəftarına qarşı və səhv idi. Hücum etdiyim insanlar günahsız idi. Etiraf edirəm ki, mənim etdiyim əməl terror idi”, – deyə məhkum qeyd edib.

Məhkəmə prosesində hərəmdə qətlə yetirilmiş Məhəmməd Aslaninin qızı da iştirak edib.

Məşhəddə ruhanilərə hücum aprelin 5-də baş verib. Hadisə nəticəsində 3 ruhani – Höccətül-İslam Məhəmməd Aslani, Möhsün Pakdaman və Məhəmməd Sadiq Dərayi bıçaqlanıb. Məhəmməd Aslani yerindəcə dünyasını dəyişib, Sadiq Dərayi isə aprelin 7-si xəstəxanada şəhid olub.

Qətli törədən şəxs Əfqanıstan vətəndaşı olan Əbdül Lətif Moradidir. O, həmçinin Əbdül Lətif Sələfi adı ilə də tanınır.