Seneqallı müsəlman futbolçunun LQBT-yə dəstək formasını geyinməkdən imtina etməsi tənqid olunub. Bu barədə mayın 21-də Moderator.az xəbər verib.

Fransanın PSJ futbol klubunun oyunçusu İdris Quye əxlaqsızlıq və zinakarlığı təbliğ edən formanı geyinməkdən imtina edib. Bu səbəbdən idmançı mayın 14-də keçirilən PSJ-Monpelye oyununu tribunadan izləyib.

Quyenin bu hərəkəti cinsi azlıq nümayəndələri tərəfindən homofobiya kimi qiymətləndirilib. Onlar hətta Fransa liqasından həm oyunçunun, həm də klubun cəzalandırılmasını tələb ediblər. Belə ki, Quye ötən il də homofobiya ilə mübarizəyə həsr olunmuş gündəki bir matçı buraxmışdı.

Futbolçuya dəstək olaraq Seneqal prezidenti Məkki Sall öz tvitter hesabında yazıb: “Mən İdris Qan Quyeni dəstəkləyirəm. Onun dini inanclarına hörmət edilməlidir”. Seneqalın idman naziri isə bildirib ki, bir klubla müqavilə futbol oynamaq üçün bağlanılır, nəyisə təbliğ etmək üçün deyil.

Bundan öncə, yanvar ayında avstraliyalı futbolçu LQBT köynəyi ilə oyuna çıxmaqdan imtina edib. “Greater Western Sydney Giants” klubunun matçı zamanı oyunçular LQBT simvolikası ilə olan köynəklər geyinməli idi. Lakin Harin Zreyka bunun İslam inanclarına zidd olduğunu izah edib və LQBT-yə dəstək verməkdən imtina edib.