Gürcüstanın din xadimlərindən ibarət olan nümayəndə heyəti Azərbaycanda səfərdədirlər. Bu barədə mayın 20-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verib.

Nümayəndə heyətinin üzvləri: Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədovdur.

Mayın 19-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Gürcüstanın din xadimləri ilə görüşüb. Görüşdə dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, radikal dini qruplaşmalara qarşı mübarizə istiqamətində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Din xadimləri Azərbaycanın 44 günlük müharibə şəhidlərinin ruhuna dualar oxuduqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək. Din xadimləri bir sıra rəsmi görüşlər keçirəcək, Bakı şəhəri üzrə təşkil olunacaq turda iştirak edəcəklər. Daha sonra isə Gəncə, Füzuli, Ağdam və Şuşa şəhərlərini ziyarət edəcəklər.