Bakıda İslam Ölkələri Elm, Təhsil, Mədəniyyət Təşkilatının (ICESCO) regional ofisi açılacaq. Bu barədə mayın 19-u Report xəbər verib.

“Azərbaycanda açılacaq regional ofis ilk vaxtlarda Bakıda yerləşəcək. Biz mədəniyyət abidələrinin ICESCO-da qeydiyyata alınmasına nail olacağıq”, – təşkilatın baş direktoru Səlim bin Məhəmməd əl-Malik Şuşada jurnalistlərə verilən açıqlamada deyib.

Səlim bin Məhəmməd əl-Malik bildirib ki, o, 2021-ci ilin yanvarında Qarabağa səfər edib. Səfər çərçivəsində ərazilərdə mədəniyyət abidələrinin dağıdılmasını öz gözləri ilə görüb.

ICESCO sözügedən abidələrin bərpasında Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, ICESCO-nun Azərbaycanda regional ofisinin açılması məsələsi mayın 18-i xarici işlər naziri Ceyhun Bayramovun Salim bin Məhəmməd əl-Maliki ilə keçirilmiş görüşündə müzakirə olunub.