“Təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir”. Bu sözləri QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumdakı çıxışı zamanı səsləndirib. Bu barədə mayın 19-da QMİ xəbər verib.

Allahşükür Paşazadə real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə hallarının olduğunu deyib. Ksenofobiya və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur. Daha sonra o, son günlərdə İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdlərini xatırladıb. Paşazadə hesab edir ki, bu hadisələr hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır.

“Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, dindən istifadə edən ekstremizmi, islamofobiya, xüsusilə də, müqəddəs məkanların təhqir olunmasını qətiyyətlə pisləyirik. Dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, 13 may tarixində danimarkalı siyasətçi və hüquqşünas Rasmus Paludan İsveçdə müsəlmanlarının yaşadığı ərazilərdə Quranı yandırıb. Bu hadisə dünya müsəlmanlarının və din xadimlərinin narazılığına səbəb olub.