Məscid Lənkəran rayonunun Seydəkəran kənd qəbiristanlığında, 28 may küçəsində yerləşir. Bünövrəsi 1994-cü ildə qoyulub. Məscid kənd camaatının vəsaiti hesabına tikilib.
İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb, tavanı isə taxtadandır. İbadət evinin bir minbəri, üç qapısı və altı pəncərəsi var. Pəncərələrin dördü tağvari, ikisi isə düzbucaqlı formadadır. Günbəz dördguşəlidir və hündürlüyü iki metr təşkil edir. İbadət evinin hər iki giriş qapısı üzərində yağışdan qorunmaq üçün daş dirəklər üzərində dəmir təbəqə ilə dam qurulub.
İndiki məscidin yerində vaxtilə başqa bir məscid olub. Onun tikilmə tarixi XIX əsrə aiddir. Bu məlumatı Çar Rusiyanın Bakı Quberniyasının Lənkəran qəzasına aid olan sənədlər əks etdirir.
Lənkəran rayonu Seydəkəran kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsidir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.