Uhud döyüşü hicrətin 3-cü ilində, şəvval ayının 15-də baş verib. Həmin müharibədə Peyğəmbərin (s) dişi sınıb, alnı isə yaralanıb. Bu döyüşdə müsəlmanların sayı 1000 nəfər olur, onlardan 300-ü yolda ikən geri qayıdıb. Kafirlərin sayı fərqli mənbələrə görə, 3000-dən 5000-dək dəyişir. Döyüşdə kafirlərdən ölənlərin sayı 22-28, müsəlmanlardan şəhidlərin sayı isə 70 nəfər olub.

Bu döyüşdə öz fədakarlığı ilə seçilənlərdən başlıcası Həzrət Əlidir (ə.s). Rəvayətlərə görə, ilk öncə qələbə müsəlmanların idi. Onların bir qismi düşmənləri təqib edir, bir qismi isə Peyğəmbərin (s) qoruyucuları daxil olmaqla qənimətləri toplamaqla məşğul olur. Bu zaman düşmənlərin başçısı Xalid ibn Vəlid müsəlmanların tərk etdiyi postdan onlara hücum edir. Peyğəmbər (s) çoxlu yara alır. Bu anda düşmən qışqırır: “Məhəmməd öldürüldü!” Bu nidanı eşidən müsəlmanlar qaçmağa başlayırlar. Yalnız Həzrət Əli (ə.s) Peyğəmbərin (s) müdafiəsində qalır. Allah Rəsulu (s) buyurub: “Ey Əli! Səmalarda mədh olunduğunu eşidirsənmi?” Həmin an Rizvan adlı mələk deyir: “La fəta illa Əli, la səyfə illa Zülfiqar! (Əlidən başqa iqid, Zülfiqardan başqa qılınc yoxdur)”.

Bu hadisə baş verdikdən sonra ayə nazil olur: “(Uhud müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa məcbur etdi”. (Ali-İmran surəsi, ayə 155).

Həzrət Əli (ə.s) Peyğəmbəri (s) müdafiə etdiyi zaman çoxlu sayda zərbələr alıb. Cəbrail (ə.s) nazil olaraq buyurub: “Ey Məhmməd! And olsun Allaha! Əli ibn Əbu Talib muvasatdır. Peyğəmbər (s) isə belə cavab verib: “Bu ona görədir ki, mən ondanam və o da məndəndir.” Cəbrail (ə.s) əlavə etdi: Mən də siz ikinizdənəm”.