Deputat Ceyhun Məmmədov Lənkəranda məsciddə baş verən oğurluğa münasibət bildirib. O, ehtiyac üzündən olsa belə, məsciddən oğuruq etməyin cinayət olduğunu hesab edir. Bu barədə millət vəkili Sonxeber.az-a verdiyi müsahibəsində qeyd edib.

Ceyhun Məmmədov oğurluğun İslamda böyük günah olduğunu deyib. Buna misal olaraq deputat Həzrət Peyğəmbərin (s) sözünü misal çəkir. Həzrət (s) buyurub: “Əgər mənim qızım Fatimə (s.ə) də oğurluq etsə, mən onun əlini kəsərdim”.

Millət vəkili onu da əlavə edib ki, əgər bir şəxsin ehtiyacı varsa, o, məscidə müraciət edib oradan yardım ala bilər. Lakin ibadət evindən oğurluq edilməsi yolverilməzdir.

13-14 may tarixlərində Lənkəran rayonunun Tütəpeştə kənd məscidindən oğurluq edilib. Hadisə ibadət evinin mühafizə kameralarında qeydə alınıb. Məlum olub ki, soyğunçu nəzir qutusunun kilidini sındıraraq oradan 120 manat məbləğində pul oğurlayıb. Məlumata görə, cinayəti törədən şəxs əvvəllər də məhkum olmuş Zülfi Nəzərlidir. O, rayon polisi tərəfindən saxlanılıb, faktla bağlı araşdırma davam edir.