Uhud döyüşündə müsəlmanların sayı 1000 nəfər olur, onlardan 300-ü yolda ikən geri qayıdıb. Kafirlərin sayı fərqli mənbələrə görə, 3000-dən 5000-dək dəyişir. Döyüşdə kafirlərdən ölənlərin sayı 22-28, müsəlmanlardan şəhidlərin sayı isə 70 nəfər olub.

Bu döyüşün şəhidlərindən biri də Həzrət Həmzədir. Rəvayətlər onun yüksək məqamını göstərir. İslam Peyğəmbəri (s) buyurur: “Qardaşlarımın ən yaxşısı Əli (ə.s), əmilərimin ən yaxşısı Həmzədir (ə.s)”.

Əbu Süfyanın qızı Hind Bədr döyüşündə atası, qardaşı, və əmisinin ölümünə görə Peyğəmbərin (s) anasının məzarını açmaq istəmişdir. Lakin qureyş kafirləri öz ölülərinin məzarını açmaqdan qorxub və buna görə bu işə mane olublar. Hind Vəhşiyə göstəriş verir ki, Həzrət Həmzəni öldürsün. Vəhşi Uhud döyüşündə Həmzənin sinəsinə nizə vurur və Həzrəti şəhid edir. Hindin göstərişi ilə o, Həzrətin sinəsini yarıb onun ciyərini çıxarıb. Hind Həmzənin ciyərini dişləmək istəyib, lakin onun nəhs dişləri işləməyib. Bununla belə o, Həzrətin qulaq, burun və s. əzalarını xəncərlə ayırıb boynuna asır. (Biharul-ənvar, c. 20, s. 54)

Peyğəmbər (s) Həmzənin qanlı cəsədini görəndə ağlayır. Həzrət (s) əbasını əmisinin cənazəsinin üstünə çəkib ki, bacısı Səfiyyə onu bu halda görməsin. Dəfndən sonra Səfiyyə onun məzarına yaxınlaşdıqda gözlərindən qanlı yaş axır.

Həmzənin cənazəsi ilə son vidalaşmadan sonra Həzrəti Uhud dağının ətəyində torpağa tapşırırlar. Peyğəmbər (s) onun üçün meyyit namazı qılır. Digər şəhidlərə də namaz qılınması üçün onları bir-bir Həmzənin cənazəsinin yanına gətirirlər. Bununla da, Həmzənin cənazəsi üçün şəhidlərin sayı qədər namaz qılınır.