Ayətullah Seyyid Əbdül-Məcid İrəvani 1897-ci ildə Təbrizdə alim ailəsində dünyaya gəlib. O, dövrünün İslam alimlərindən biri, söz ustası və fəzilət sahibi olub.

Onun atası Ayətullah Seyyid Əbdül-Höccət İrəvani və babası isə Ayətullah Seyyid Əli İrəvani isə dövrünün müctəhidlərindən olublar.

Seyyid Əbdül-Məcid ilk təhsilini “Hacı Əli Əsgər” mədrəsəsində alıb. O, təhsilini davam etdirmək üçün 1944-cü ildə Qum şəhərində dini mədrəsədə oxumağa başlayır. Seyyid Əbdül-Məcid Ayətullah Burucerdi, Ayətullah Mühəqqiq Damad, Ruhullah Xomeyni və Ayətullah Əraki kimi ustadların ali dərəcəli dərslərində iştirak edərək, yüksək elmi məqama çatır.

Alim 1963-cü ildə İmam Xomeyninin İran İslam İnqilabı hərəkatı başladıqdan sonra, Tehrana gedir və oradakı Semnanlılar məscidində Ruhullah Xomeyninin göstərşi ilə dini biliklərini tətbiq eməyə başlayır. Seyyid Əbdül-Məcid İslam İnqilabından sonra, Tehranın “Hüseyniyeyi-Məhdiyə” bölməsində mədəniyyət işləri üzrə müdir vəzifəsində çalışır. Bundan əlavə o, Ruhullah Xomeyninin nümayəndəsi, Tehranda mübariz ruhaniyyət cəmiyyətinin şura üzvü, qərb hissəsində mübarizə ruhaniyyət cəmiyyətinin üzvü, 17-ci məntəqədə İmam Xomeyninin adına yardım komitəsinin üzvü, əsirlər üzrə maarif-mədəniyyət cəmiyyətinin məsulu kimi işləyib.

Seyyid Əbdül-Məcid Tehranda “Mədrəseyi ulumi İslami İrəvani” adlı məktəb açıb və onu ruhani tələbələrin ixtiyarına verib.

Ayətullah Seyyid Əbdül-Məcid İrəvani 1982-ci ildə vəfat edib və Tehranın “Behişti-Zəhra” qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.