Lənkəran rayonunun Tütəpeştə kəndinin məscidindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə mayın 16-sı APA xəbər verib.

Oğurluqda şübhəli bilinən şəxs “isti izlə” müəyyən edilərək saxlanılıb. Onun Zülfi Nəzərli adlı Lənkəran rayon sakini olduğu bildirilib. Saxlanılan şəxs daha öncə məhkum olunub. Tutulan zaman onun üzərində elektron nəzarət qolbağının olduğu müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində Zülfi Nəzərlinin rayonun başqa məscidindən də oğurluq etdiyi məlum olub. Belə ki, o, Lənkəranın Seydəkəran kənd məscidinin nəzir qutusunu sındıraraq içərisindəki pulu oğurlayıb.

13-14 may tarixlərində sosial şəbəkələrdə Tütəpeştə məsciddən oğurluq edən şəxsin (Zülfi Nəzərlinin) videogörüntüləri yayılıb. Hadisə ilə bağlı Lənkəran rayon polisinə müraciət daxil olub. Məlum olub ki, soyğunçu nəzir qutusunun kilidini sındıraraq oradan 120 manat məbləğində pul oğurlayıb.