Şeyxülislam Axund Molla Ağa Əlizadə 1871-ci ildə Bakının Pirşağı qəsəbəsində, ruhani Axund Hacı Məhəmməd Cavadın ailəsində anadan olub. Onun əsl adı Zeynalabidin idi.

Axund Molla Ağa ilk təhsilini evdə alıb. O, sonra Bakı şəhərinə köçüb və burada İçərişəhərdəki Məhəmməd məscidinin nəzdindəki mədrəsədə oxuyub. Təhsilini davam etdirmək məqsədilə atası onu İraqa göndərib. O, burada Nəcəfül-Əşrəf universitetinə daxil olub. Ağa 1896-cı ildə Bakı şəhərinə qayıdıb. Sonradan Təzəpir məscidinə axund təyin edilib. O, 1904-cü ildə Qafqaz Müsəlmanlarının Şiə Ruhani İdarəsinə üzv seçilib.

1907-ci ildə isə Əlizadə “Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradıb (Bəzi mənbələrdə Müsəlman Xeyriyyə Cəmiyyəti kimi qeyd edilir).

Axund Molla Ağa 1918-ci ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib və Şeyxülislam təyin edilib. O, Azərbaycanın ilk Şeyxülislamı hesab edilir.

1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edilib və idarənin sədri seçilməsi üçün Ağa Axund Əlizadənin namizədliyi irəli sürülüb. 28 may 1944-cü ildə səsvermədə Ağa Axund Əlizadə yenidən Qafqazın Şeyxülislamı seçilib.

Şeyxülislam Axund Molla Ağa Əlizadə 1954-cü ilin dekabr ayında Bakı şəhərində vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti və Azərbaycan Respublikasının əməkdar elm xadimi Akif Əlizadə Ağa Axund Əlizadənin nəvəsidir.

Mənbələr:

  1. Qılman İlkin. Bakı və bakılılar. Üçüncü nəşr. Bakı-2006.
  2. Hacı Fuad İzzət oğlu Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı-2014.
  3. kaspi.az