Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Quran qiraəti müsabiqəsi keçirilib. Bu barədə mayın 16-da Trend xəbər verib. Müsabiqədə institutun İlahiyyat fakültəsi tələbələri iştirak ediblər.

Müsabiqənin qaliblərini münsiflər heyəti təyin edib. Heyəti təşkil edənlər isə institutun prorektoru Mirniyaz Mürsəlov, ilahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev, dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev olublar.

Məlumata görə, birinci yeri III kurs tələbəsi Kərəmov Murad qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq III kurs tələbəsi Eminov Əmrah və Əhmədova Azanə layiq görülüblər. Qaliblərə mükafatlar, iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.

İlahiyyat İnstitutunda ənənəvi olaraq hər il Quran qiraəti müsabiqəsi təşkil olunur.