İmam Sadiqin (ə.s) səhabəsi Hənnan ibn Südeyr deyib: Mən bir qrupla birlikdə İmam Sadiqin (ə.s) hüzuruna getdim. Bizimlə birgə olan Meysər adlı bir şəxs qohumluq əlaqələrindən söz açdıqda Həzrət buyurdu: “Ey Meysər! İndiyə qədər sənin ölümün neçə dəfə çatsa da, hər dəfə qohumluq əlaqələrini möhkəmlətdiyin üçün Allah-təala sənin əcəlini təxirə salmışdı. Əgər ömrünün uzun olmasını istəyirsənsə, ata-anana yaxşılıq et!””. (Biharul-ənvar, 74-cü cild, səh. 84)
İnsanın ömrünün qısalmasının səbəblərdən biri də ata-anaya tabe olmamaq, onlara əzab-əziyyət verməkdir. Bir çox rəvayətlər var ki, valideynlərinə qulaq asmayan, əziyyət verən insanların ömürləri qısalmış, bəzən də cavanlıqda vəfat etmişlər. Və ya əksinə, onlara yaxşılıq edənlərin ömrü uzun olmuşdur.
Peyğəmbər buyurub: “Dünyada üç günahın cəzası tez olar və qiyamət gününə qalmaz: Ata-anaya ağ olmaq, camaata zülm etmək və yaxşılığı tərk etmək”. (Əmali, Şeyx Tusi, 2-ci cild, səh 13)
İmam Baqir (ə.s) buyurub: “Ata-anaya yaxşılıq və gizli sədəqə yoxsulluğu aradan aparır, ömrü uzun edir və yetmiş növ pis ölümün qarşısını alır”. (Biharul-ənvar, 74-cü cild, səh 81)
Başqa bir hədisdə Həzrət buyurub: “Gizli sədəqə vermək Allah-təalanın qəzəbini soyudur. Ata-anaya yaxşılıq etmək və qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzun edir”. (Biharul-ənvar, 74-cü cild, səh 82)