Quranda bir sıra hikmətli şəxslərin adı çəkilir. Onlardan biri isə Loğmandır (ə.s). Onun peyğəmbər olub olmaması mübahisəli məsələ hesab olunur. Lakin Quran ona Allah tərəfindən hikmət verildiyini açıqlayır. “Biz Loğmana hikmət verdik” (Loğman surəsi, ayə 12).
Loğman həmişə öz hikmətli nəsihətləri ilə tanınıb. Quran bir sıra mövzu barədə belə nəsihətləri öz ayələrində misal çəkir:
- Allahla rabitə. “Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: “Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür”” (Loğman 13).
- Valideynə ehtiram. “Və Biz insana ata-anası barəsində tövsiyə etdik” (Loğman 14).
- Məad. “(Loğman dedi:) “Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır” (Loğman 16).
- Namaz. “Ey mənim əziz oğlum, namaz qıl”. (Loğman 7).
- Yaxşılığa dəvət və pisliklərdən çəkindirmək. “Yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et” (Loğman 17).
- Səbir. “Sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir” (Loğman 17).
- İnsansevərlik. “Camaatdan təkəbbürlə üz çevirmə” (Loğman 18).
- Təvazökarlıq. “Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz” (Loğman 18).
- Mötədil olmaq. “Öz yerişində və rəftarında orta həddi gözlə” (Loğman 19).
- Sakit danışmaq. “Və (danışanda) səsini azalt ki, ən pis səs – ulaqların səsidir (Loğman 19).