Yaşa görə Həcc ziyarətinə məhdudiyyət qoymaq haramdır. Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. Bu barədə mayın 12-də Bizim.Media xəbər verib.

Mayın 10-da QMİ bu il Azərbaycandan Həcc ziyarətinə səfərlərin baş tutacağını elan edib. Lakin yaşı 65-dən yuxarı olan zəvvarların bu fürsətdən istifadə edə bilməyəcəyi də bildirilib. Tural İrfan sözügedən məhdudiyyətin şəriətə zidd olduğunu hesab edir. Belə ki, həddi-buluğa çatan hər bir müsəlmana, borcu olmadığı və qonşusu tox olduğu halda Həccə getmək vacibdir.

“Adam var ki, 70 yaşı var və sadalanan kriteriyalara cavab verdiyi üçün Həcc ziyarəti ona vacibdir. Onun qarşısını necə ala bilərsən? Bunun özü haramdır”, – deyə Tural İrfan əlavə edib.

Digər tərəfdən isə sədr müavini hesab edir ki, Həccə gedənlərin əksəriyyəti heç kəlimeyi-şəhadətini düzgün bilmir. Bunun səbəbini isə o, QMİ-də görür.

“QMİ rəsmiləri insanları mütəmadi olaraq, normal şəkildə əhalini maarifləndirsəydilər, kimə Həccin vacib olduğu bilinərdi. Təəssüf ki, ölkəmizdə elə deyil. Kimin pulu çoxdursa və həvəsinə düşürsə, şan-şöhrət üçün “hacı” adı almağı istəyirsə, gedir Həcc ziyarətinə. Dində belə bir şey yoxdur. O Həccə gedənlərin əksəriyyəti heç kəlmeyi-şəhadətini düzgün deyə bilməyən adamlardır”, – deyə Tural İrfan qeyd edib.

Qeyd edək ki, Həcc ziyarətinə qoyulan yaş məhdudiyyəti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən tətbiq olunub.

Ötən ilin noyabrında Tural İrfan bütün səlahiyyətlərin QMİ-dən alınaraq Dini Komitəyə verilməsi təklifini irəli sürüb. Belə ki, o, Azərbaycandakı axundların xarici ölkə alimlərinə olan rəğbətini məqsədəuyğun hesab etmir. Bu ilin fevral ayında isə Milli Məclisdə məscidlərə din xadimi təyin edilməsi səlahiyyətinin QMİ-dən alınması və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi haqda qanun layihəsi qəbul edilib.