Gürcüstanın Marneuli şəhərində Axlı Lələ kəndinin sakinləri məscidin tikintisinə icazə ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər. Bu barədə 12 may tarixində 24news.ge xəbər verib.

Artıq bir ildən çoxdur ki, süni əngəllərlə məscidin tikintisinə maneə yaradılır. Kənd sakinləri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovu və idarənin digər əməkdaşlarını da dəvət ediblər. Hacı Ramin etirazçıları dəstəkləyərək bildirib ki, bu günədək məscidin tikintisinə icazə almaq üçün dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin onlar süni problemləri əsas gətirərək tikinti işlərini dayandırıblar.

Daha öncə, ramazan ayında Marneuli meriyasının təşkil etdiyi iftar süfrəsində Hacı Ramin məsələ ilə bağlı aidiyyəti qurumlara və səlahiyyətli şəxslərə müraciət edib. O, insanların ibadət etmələrinə ehtiyac olduğunu bildirərək qurumlardan anlayış göstərilməsini xahiş edib.

Qeyd edək ki, Marneuli şəhərinin əhalisinin çoxunu azərbaycanlılar təşkil edirlər.