Dövrünün görkəmli din xadimi, fəqih, müctəhid Ayətullah əl-Üzma Mirzə Əli İrəvani Nəcəfi Ayətullah Şeyx Əbdül Hüseyn İrəvaninin oğludur. Mirzə Əli İrəvani 1884-cü ildə Nəcəfdə anadan olub.

O, ibtidai təhsilini Nəcəfin məşhur alimlərindən, orta və ali təhsilini, məkasib dərsini Ayətullah Şeyx Ənsaridən və Şeyx Həsən Kurkanidən, fəlsəfə və hikməti isə Ayətullah Şeyx Əli Məhəmməd Nəcəfabadidən öyrənir. İrəvani gənc yaşlarında Ayətullah Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdi və Axund Məhəmməd Kazım Xorasaninin fiqh və üsul xarici dərslərində iştirak edir, ictihad məqamına çatır. Bir müddət sonra İraqın Samirra şəhərinə gedir və zəmanəsinin mərcəyi-təqlidi Ayətullah Şeyx Məhəmməd Təqi Şirazinin dərslərində iştirak edir. Bu şəhərdə az müddət qaldıqdan sonra Kazımeyn şəhərinə gedib bir müddət Ayətullah Seyyid İbrahim Dərudi Tehraninin dərslərinə qatılır.

Yüksək elmi məqama çatan alimin şöhrəti hər yerə yayılır. Bəzi alimlər onu Kərbəla şəhərinə dəvət edir. Alim bu şəhərə gəlir və dini elmləri tədris etməyə başlayır. Nəcəf alimləri tələbələrin xahişi ilə onu Nəcəfə də dəvət edirlər. 1916-cı ildə İrəvani Nəcəfə yola düşür və orada İslam elmlərini tədris etməyə başlayır. Nəcəfdə əvvəlcə orta və ali səviyyədə olan kitablardan dərs deyir. Çox çəkmir ki, tələbələrin təkidi ilə üsul və fiqhin xaric dərslərinin tədrisinə başlayır. Yaşının az olmasına baxmayaraq, Nəcəfdə seçilmiş ustadlardan hesab olunur.

İrəvani ilk dəfə olaraq tələbələrə aylıq təqaüd verilməsini təşkil etmişdir.

Ayətullah Mirzə Əli İrəvani 20 il ərzində üsul və fiqh dərslərinin xarici hissələrini tədris etmişdir. Bu müddət ərzində o, İslam aləminə onlarca müctəhid təqdim etmişdir. Ayətullah İrəvaninin şagirdlərindən üç nəfəri-Ayətullah Şeyx Məhəmməd Rza Təbərsi Nəcəfi, Ayətullah Mirzə Əli Əliyari və Şeyx Əli Müctəhid Sircani onun dərslərini əl­yazma şəklinə salıb nəşr etmişlər.

Ayətullah İrəvani 1935-ci ildə Nəcəfdə vəfat edib. Şairlər Mirzə Məhəmməd Əli Ordubadi və Əbdül Munim Fərtusi alimin vəfatı haqqında şeirlər yazmışdılar.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.