Dövrünün məşhur alim, fəqih və müctəhidi Şəhid Höccətul-İslam Şeyx Məhəmməd Əli İrəvani Nəcəfdə anadan olub. O, Höccətul-İslam Şeyx Sadiq İrəvaninin oğlu idi.
Şeyx Məhəmməd ibtidai təhsilini Nəcəfin məşhur alimlərindən alıb. Alim hər il Bəsrə şəhərinə gedib, camaatı, xüsusi ilə də cavanları İslam dininin hökmləri ilə tanış edirdi. Bu işdə ona Höccətul-İslam Seyyid Sam Şübbər kömək edirdi. Bundan xəbər tutan İraqın dövlət məmurları alimə xəbərdarlıq edərək onu bu işdən çəkindirmək istəyirlər, sonra isə onun çıxışlarını qadağa edirlər.
1987-ci ildə İrəvani Bəsrə şəhərindən Nəcəfə qayıdan zaman məmurlar onu qaçırdıb, naməlum yerə aparırlar. Növbəti gün isə Şeyxin cəsədi Bəhle-kun məscidinin yanında aşkar edilir. İrəvani məşhur alimlərin və din xadimlərinin müşayiəti ilə Nəcəfə gətirilir və Türklər məscidində dəfn olunur. Lakin dövlət məmurları həmin gecə onun cənazəsini oğurlayır, Nəcəfdən 4 km məsafədə yerləşən Kumeyl məqbərəsinin yaxınlığında torpağa tapşırırlar.
Sonralar İraq İnqilab komitəsinin araşdırmalarından məlum olur ki, bu cinayət Səddam Hüseynin göstərişi ilə dövlət polis orqanlarında çalışan Nuri Fəhədin tərəfindən icra olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.