Əhli Beyt İmamlarından (ə.s) dördünün məzarı Səudiyyə Ərəbistanında, Mədinə şəhərinin Bəqi qəbiristanlığında yerləşir. Vaxtilə bu məzarlar üzərində məqbərə olsa da, sonradan abidə tamamilə dağıdılıb. Bu gün, şəvval ayının 8-i isə həmin hadisənin 97-ci ildönümüdür.
Bəqi qəbiristanlığı Peyğəmbər (s) məscidinin qarşısında yerləşir və müsəmanlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmü-Gülsüm, Zeynəb, Ruqəyyə, əmisi Abbas, Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyb, İmam Əlinin (ə.s) anası Fatimə binti Əsəd və başqaları dəfn olunublar. Bəqidə, həmçinin İmam Həsən (ə.s), İmam Səcccad (ə.s), İmam Baqir (ə.s), İmam Cəfər Sadiqin (ə.s) məzarları yerləşir. Məhz bu məzarların üzərində 1925-ci ilədək hərəm var idi. Lakin abidə radikal dini əqidəyə malik şəxslər tərəfindən sökülüb.
1925-ci ildə Osmanlıdan sonra Əbdüləziz ibn Səud Səudiyyədə öz hakimiyyətini bərpa edir. Məhz bundan sonra Mədinədə və şəhərdən kənarda olan günbəzlər, zərihlər və məsum İmamların (ə.s) məqbərələrinin uçurdulmasına əmr verilir.
Hazırda da müsəlmanların yeni hərəm üçün müraciətlərinə baxmayaraq həmin qəbirlər dağıdılmış vəziyyətdədir.