İslam alimlərindən biri olan Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Bakının Novxanı kəndində dindar bir ailədə anadan olub.
İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərlərini öyrənir. Əliağanın İslam dininə olan marağını görən qohumu Axund Hacı Məhəmmədəmin onu oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir və təhsil xərclərini öz üzərinə götürür. 1902-ci ildə Əliağa əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldıqdan sonra, onu Nəcəf şəhərində davam etdirir. O, Mədinədə imtahan verərək ali ruhanilik təhsilini 12 il müddətində başa vurur.
Təhsilini başa vurduqdan sonra Axund Bakıya qayıtmışdır. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi.
Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalıb. 1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayı çağrılır. 20 ilə yaxın Təzəpir məscidinin axundu işləyən Əliağa Süleymanzadə səsvermə yolu ilə 83 yaşında ruhani idarəsinin sədri seçilir.
Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968-1978-ci illərdə bir çox konfranslarda, simpoziumlarda, beynəlxalq təşkilatların tədbirlərində ölkəni təmsil edib. 1970-ci ilin oktyabrında Daşkənddə “Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti”adlı Ümumittifaq Konfransı təşkil edilir və Şeyxülislam Süleymanzadə həmin tədbirdə iştirak edir. 1977-ci ilin iyununda Moskvada “Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda” Ümumdünya Konfransında da iştirak etmişdir.
Şeyxülislam Axund Əliağa 1978-ci ildə vəfat edib və Bakıda dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
- Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı-2014.