Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycanda İslam dininə aid ibadət məkanlarına din xadimlərinin təyin olunması və işdən çıxarılması qaydalarını müəyyən edib. Yeni qaydalar “Dini etiqad azadlığı haqqında” qanuna uyğun hazırlanıb. Bu barədə Report xəbər verib.

Hazırda Azərbaycanda İslam dininə aid imam, imam müavini, dini ayinlərin icraçısı, müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri var. Məlumatda deyilir ki, din xadimi yüksək təhsilli və peşəkar bir şəxs olmalıdır. Bu səbəbdən ölkədə qeyd olunan vəzifələri icra edənlər attestasiya keçəcəklər.

Sözügedən vəzifələrə vakansiya yarandığı gündən bir ay müddətində həmin vəzifənin tutulması üçün müsahibə elan ediləcək. Müsahibənin keçirilməsi haqqında elan və əlavə məlumatlar Komitənin saytında və kütləvi informasiya vasitələri tərəfindən veriləcək. İmtahan proqramı aşağıdakı sahələri əhatə edəcək:

– Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;

– Qurani-Kərim;

– Hədis;

– Fiqh;

– Əqaid;

– Təfsir;

– Dini xitabət;

– Dil bilikləri;

– İslam tarixi;

– Azərbaycan tarixi;

– Digər dinlər barədə məlumat;

– Ümumi dünyagörüşü.

Fevralın 25-i Milli Məclisdə məscidlərə din xadimi təyin edilməsi səlahiyyətinin QMİ-dən alınması haqda qanun layihəsi qəbul edilib. Qeyd olunan qanunə əsasən, din xadimləri artıq DQİDK tərəfindən təyin olunacaq.