Bu gün, mayın 7-də Azərbaycanda İslam din xadimlərinin vəzifədən azad edilməsi qaydası müəyyənləşib. Bu barədə Day.Az xəbər verib.

Məlumata görə, din xadimləri vəzifədən DQİDK sədrinin əmli ilə azad edilə bilərlər. Bundan əlavə, onların öz arzuları ilə işdən çıxmaq hüquqları da var. Əgər din xadimi attestasiyadan keçməsə və ya iki dəfə üzürlü səbəb olmadan imtahanda iştirak etməsə, həmçinin vəzifəsindən kənarlaşdırılacaq.

Bir şəxs din xadimi vəzifəsindən açağıdakı hallarda azad olunur:

– Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;

– əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;

– cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

– vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

– dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda;

– fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə;

– fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə;

– xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən hər hansı formada yardım aldıqda;

– xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda.

Bildirilib ki, din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.

Həmçinin mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda İslam dininə aid ibadət məkanlarına din xadimlərinin təyin olunması və işdən çıxarılması qaydalarını müəyyən edib.