Ayətullah Hacı Şeyx Fazil Lənkərani Nəcəfi 1896-cı ildə Lənkəran şəhərində dünyaya gəlib. O, dövrünün din xadimi və fəqihi idi.

Ayətullah ibtidai İslam elmlərini öz məntəqələrində olan alimlərdən öyrənib. Sonra dini təhsilini artırmaq məqsədi ilə Məşhəd şəhərinə köçüb. O, buranın mədrəsəsində din xadimlərindən orta və ali səviyyədə təhsil alır.

1920-ci ildə alim Nəcəfə yola düşür. Nəcəfin din xadimlərinin üsul və fiqh xaric dərslərində iştirak edir. Onun ustad və müəllimlərindən Ayətullah Şəriət İsfahani, Ayətullah Naini, Ayətullah İsmayıl Məhəllati, Ayətullah Şeyx Mehdi Mazandarani, Ayətullah Əbul-Həqq İsfahani, Ayətullah Ziyauddin Əraqi kimi din xadimlərinin adını qeyd etmək olar.

Şeyx Fazil Lənkərani Nəcəfi ictihad məqamına çatır. Bundan sonra, 1944-cü ildə o, Ayətullah Seyyid Əbul-Həqq İsfahani tərəfindən insanlara İslam hökmlərini öyrətmək üçün İraqın Kazimeyn şəhərinə göndərilir.

Kazimeynə gəldikdən sonra Fazil Lənkərani məsciddə camaat namazı təşkil edir və xalqı İslam dininə tərəf yönəldir. Bundan əlavə, ondan dərs almaq istəyən bir çox tələbəyə dərs deməyə başlayır və yetərincə alim yetişdirir.

Onun əsərlərinin arasında “Şərhi Mənzumə” (Mərhum Səbzivarinin kitabına haşiyə), “Şərhi-tərcidül-üqəla” kitabına haşiyə və Üsul risaləsini qeyd etmək olar.

Ayətullah Hacı Şeyx Fazil Lənkərani 1992-ci ildə vəfat edib və Kazimeyn şəhərində dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
  3. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi din alimləri. Bakı-2019.