Son günlər sosial şəbəkələrdə Müəllimlərin Daimiləşdirilməsi Müsabiqəsində hicablı namizədlərə məhdudiyyətlər tətbiq edilməsi müzakirəyə səbəb olub. Sabiq deputat Sona Əliyeva məsələ ilə bağlı AzEdu.az-a fikirlərini bildirib.

Müəllimlərə hicabla bağlı məhdudiyyətlər tətbiq edilirsə, bu, çox mənfi haldır, yolverilməzdir və qanunvericiliyə ziddir”, – deyə sabiq deputat bildirib.

O hesab edir ki, ölkədə hər kəs din seçimində azaddır. Kim ibadət yolunu seçir və dini qaydalarla yaşayır, kimsə əksinə. Bu hər kəsin şəxsi məsələsidir və hansısa maneənin törədilməsi insanların şəxsi seçim və azadlığına müdaxilədir. Qanunvericilikdə də hicaba görə məhdudiyyət tətbiq edilməsi ilə bağlı qərar yoxdur.

Sona Əliyeva bu məsələnin Təhsil Naziliyi tərəfindən araşdırılmasının vacibliyini vurğulayaraq əlavə edib: “Güman edirəm ki, bu kimi kütləvi müzakirələri Təhsil Nazirliyi nəzərə alacaq, araşdırma apararaq ictimaiyyətə əlavə məlumat veriləcək. Onlar deməlidir ki, bu, anlaşılmazlıqdır, real faktlardır və ya kütləvi manipulyasiyadır”.

Müəllimlərin daimiləşmə müsabiqəsi mart ayında başlanıb. Elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçirilib.