Məscid Saatlı rayonunun Mustafabeyli kəndinin ərazisində yerləşir. İbadət evi 2004-cü ildə Zakir Əlisa oğlu adlı şəxsin vəsaiti ilə Həzrət Əli (ə.s) adına inşa edilib.
İbadətgah düzbucaqlı formadadır. Məscidin tağvari formada şəbəkəli yeddi pəncərəsi və iki giriş qapısı var. Giriş hissəsini yağışdan qorumaq üçün günbəzvari formada bir iri və altı kiçik tağın üzərində dam artırılıb. İbadətgahda dördpilləli minbər mövcuddur. İbadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Şöbələrə giriş ayrıdır. Məscidin damında günbəz, sağ və sol tərəfində isə qoşa minarə ucaldılıb. Günbəz gözlüklərlə əhatələnib. İbadət evinin həyətyanı sahəsi hasara alınıb.