Azərbaycanda məzarlara baxım, təmizlik, çiçək əkimi və digər xidmətləri təklif edən şirkət fəaliyyətə başlayıb. Bu barədə mayın 6-sı Modern.az xəbər verib.

Sözügedən xidmətlərin qanuni olub-olmadığı müzakirələrə səbəb olub. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi buna cavab olaraq bildirib ki, qəbiristanlıqlara nəzarət bölgüyə əsasən, bələdiyyələrin səlahiyyətindədir.

Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə fikirlərini bildirib: “Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər. 

Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz“, – deyə deputat bildirib.

Qeyd edək ki, xidmət haqqı bir ay üçün 60 AZN, 6 ay – 240 AZN, 12 ay – 350 AZN təşkil edir.