Zamanının alimlərindən biri olan Ayətullah Hacı Şeyx Məhəmməd İbrahim Salyani Qafqazi 1874-cü ildə Salyan şəhərində anadan olub.

Şeyx Məhəmməd ibtidai dini təhsilini Salyanda alır. O, ali təhsil almaq üçün Nəcəfi-Əşrəfə köçür. Salyani orta səviyyədə olan dərsləri başa vurduqdan sonra əvvəlcə məşhur alim Mövla Məhəmməd Fazil İrəvaninin xaric dərslərində, sonra isə Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti, Mirzə Hüseyn Xəlxali Tehrani və Şeyx Məhəmməd Həsən Mamaqaninin üsul və xaric dərslərində iştirak edir. Burada Şeyx yüksək elmi məqama çatır.

Alimin dərsə ciddiyyətlə hazırlaşması haqda belə deyirdilər: “O, Nəcəfi-Əşrəf şəhərinin seçilmiş alimlərindən biri idi. Uzun təhsil müddətində dərsləri başa düşmək üçün var-qüvvəsini sərf edirdi. Ruh və fiziki cəhətdən özünü möhkəm zəhmətə salırdı. Gecələri bəzən sübhə qədər oyaq qalır, gündüzləri isə bütün vaxtları dərsə sərf edirdi. Çoxlu kitablar oxuyub, qeydlər götürərdi. Nəhayət, Nəcəfdə tədris kürsünə oturub dərs deməyə başladı və bununla çoxlu savadlı şagird yetişdirdi”.

Alimin Ayətullah əl-Üzma Seyyid Məhəmməd Hadi Milani Təbrizi və Ayətullah Şeyx Məhəmməd Cavad İrəvani Nəcəfi kimi şagirdlərini qeyd etmək olar.

Şeyx Məhəmməd İbrahim Salyani 1964-cü ildə vəfat edib və Nəcəfdə dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.