Məşhur boksçu Kassius Marsellus Kley (Məhəmməd Əli) 17 yanvar 1942-ci il tarixində ABŞ-ın Kentuki ştatında dünyaya gəlib. Uşaqlıq illərindən onun idmana böyük həvəsi olub. Lakin həmin dönəmdə Amerikada qaradərili insanlara qərəzli münasibət göstərilirdi və bu, gənc idmançını narahat edirdi. Bu səbəbdən o, məşqlərə xeyli vaxt ayırmaqla, bir qaradərili kimi böyük nailiyyətlərə imza atmağı düşünürdü.
Nəhayət, 18 yaşında Kassius Kley ABŞ-ın ağır çəki dərəcəsində ilk qaradərili çempionu titulunu qazanır. 1960-cı ildə isə o, olimpiya oyunlarında qızıl mükafata layiq görülür.
1959-cu ildə Kassius Mayamidəki müsəlman məbədini ziyarət edir. O bu işdən mənəvi zövq aldığını qeyd edib. 1964-cü ildə Kley məşhur boksçu Sonni Listona qalib gəlmək üçün döyüşdən öncə Allaha dua edib. Listonu məğlub etdikdən sonra isə o, müsəlman olub və radio vasitəsilə bundan sonra adının Məhəmməd Əli olduğunu elan edib.
İdmançının tarixi şəkillərinə nəzər saldıqda onun Əhli Beytə (ə.s) olan rəğbətini müşahidə etmək olar. Belə ki, 1990-cı ildə o, Kərbəlaya, İmam Hüseynin (ə.s) ziyarətinə yollanıb. Dünya əfsanəsinin İranın Rəşt şəhərində, Həzrət Hüseynin (ə.s) əza məclislərində iştirak etdiyi də məlumdur. İranda olduğu dönəmdə Məhəmməd Əli Ruhullah Xomeyninin məqbərəsini də ziyarət edib. O, həmçinin Məşhəddə İmam Rzanın (ə.s) hərəminə də səfər edib və oranın İslam alimləri ilə görüşüb.
Hollivud Şöhrət Xiyabanında Məhəmməd Əlinin ulduzu səkidə olmayan yeganə ulduzdur. O, “Dolby” teatrının divarına tikilib. Bunu idmançı özü xahiş edib. Belə ki, o, Məhəmməd peyğəmbərin (s) adının ayaqlar altında qalmasını istəmirdi.
Ömrünün son illərində Məhəmməd Əli Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2016-cı ilin iyunun 3-də isə idmançı vəfat edib.
Məhəmməd Əli öz karyerasında 37 nakaut ilə 56 qələbə qazanıb.