Mayın 4-də ilahiyyatçı Hacı Şahin Həsənli öz hesabında kartla fitrə zəkatı toplamasına açıqlama verib. Bu barədə Bizim.Media xəbər verib.

Məsələ müzakirələrə səbəb olsa da, Hacı Şahin bu işdə təəccüblü heç bir şeyin olmadığını bildirib. Belə ki, bəzi insanlar bunu pul əldə etməyin yeni üsulu kimi dəyərləndirib. Lakin din xadiminin sözlərinə görə, toplanan vəsait ehtiyaclı və aztəminatlı ailələrə paylanır. Prosesə isə şəxsən Şahin Həsənlinin özü nəzarət edir.

İlahiyyatçı onu da bildirib ki, zəkatı karta pul köçürmək və ya nağd şəkildə ödəmək üsulları arasında heç bir fərq yoxdur. Onun bu təşəbbüsü pulu nağd şəkildə çatdıra bilməyən insanlar üçün görüldüyü bildirilib. “Biz də şərait yaradırıq ki, bunu kart vasitəsilə ödəsinlər. Tutaq ki, xaricdə yaşayan azərbaycanlılar fitrə zəkatı, yaxud yardım üçün vəsaitlər göndərirlər. Oradan isə biz siyahımızda olan yoxsul insanlara fitrə zəkatını çatdırırıq”, – deyə Hacı Şahin əlavə edib.

Aprelin 30-da Məşədi Dadaş məscidinin axundu Hacı Şahin fitrə zəkatı toplanması üçün öz hesabında bank kartının nömrəsini paylaşıb. Sözügedən məsələ isə bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb.