Media Təhlil Mərkəzi Azərbaycanda ramazan ayı ilə bağlı vətəndaşlar arasında sorğu  keçirib.

Sorğuya əsasən,  respondentlərin 47%-i hər il oruc tutduğunu, 24%-i isə ümumiyyətlə oruc tutmadığını qeyd edib. İştirakçıların 21%-i müəyyən səbəblərə görə bəzən oruc tutmadığını, 5%-i yalnız bu il oruc tuta bilmədiyini deyib. Respondentlərin 3%-i bu il ilk dəfə oruc tutduğunu bildirib.

İştirakçıların cavablarından bəlli olub ki, 33%-i daha çox savab işlər görməyə çalışıb, 18%-i daha çox ibadət edib, 10%-i dini biliklərini artırmağa çalışıb.

Ramazan bayramı ilə əlaqədar suala 78% insan ailəsi ilə birgə keçirəcəyini, 3%-i istirahətə yollanacağını, 7%-i fərqli planları olduğunu, 12%-i isə bayramı qeyd etməyəcəyini vurğulayıb.

Sorğuda 911 respondent iştirak edib. Onların 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.