Zamanının təqlidlərdən və fəqihlərdən olan Ayətullah əl-Üzma Hacı Şeyx Məhəmməd Sadiq Boradigahi 1733-сü ildə Lənkəranın Boradigah kəndində anadan olub.

O, ibtidai (müqəddimə) təhsilini Lənkəranın alimlərindən alıb. Sonra Şeyx Məhəmməd, o zamanlar böyük elmi mərkəz olan İranın Qəzvin şəhərinə köçüb və 1833-cü ilə qədər orada yaşayıb, bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə öyrənib. Bu şəhərdə dərslərini təkmilləşdirdikdən sonra Ayətullah Kərbəlaya köçür və böyük alimlərinin, o cümlədən, Seyyid İbrahim Qəzvini və Seyyid Məhdi Təbatəbainin fiqh və üsul dərslərində iştirak edir, ictihat dərəcəsinə çatır. O, İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır.

Şeyx Məhəmməd Kərbəladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir və oradakı alimlərin üsul və fiqh dərslərindən bəhrələnir. Təhsilini başa vuran Şeyx Boradigaha qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcə hörmət edirlər. O, burada İslam dininin tədris və təbliği ilə məşğul olur.

Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: “Mərhum Lənkərani uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb, yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddət də bu bölgədə çox nüfüz qazanır və şöhrət tapır, məntəqədə yeganə mərcəyi-təqlid kimi tanınır… Mərhum Lənkərani bu məntəqədə İslam dininə çox böyük xidmətlər edərək, dinin çoxlu unudulmuş hökumlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir. Bütün ömrünü müxtəlif kitablardan dərs deməyə və şagird tərbiyə etməyə sərf edir…Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardır”.

Məhəmməd Sadiq Boradigahi 1868-ci ildə vəfat edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
  3. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.