Bu gün, mayın 4-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti deputat Qənirə Paşayevanın iddialarına cavab verib. Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Dövlət Xidmətindən bildirilib ki, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması barədə məlumat səhvdir.

“Hesablama Palatası tərəfindən tərtib edilmiş hesabatda olan 134 rəqəmi düzgün anlaşılmamışdır. Belə ki, həmin rəqəm investisiya siyahısına daxil edilən, lakin bərpası üçün əvvəlki illərdə büdcədən pul ayrılmayan abidələrin sayıdır”, – deyə Dövlət Xidməti öz açıqlamasında qeyd edib.

Həmçinin, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması və bu məbləğin 77.3%-nin yalnız Gileyli məscidinə xərclənməsi haqda deyilənlər həqiqəti əks etdirmir. Dövlət Xidmətindən verilən məlumata görə, məscidin bərpasında 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub. Bundan əlavə, Gileyli məscidi 2018-ci ildə bərpa edilib.

Mayın 2-də deputat Qənirə Paşayeva ölkənin tarixi, mədəniyyət və dini abidələrinin bərpalarında baş verən yeyintilər haqqında danışıb. Bildirilib ki, 2020-2021-ci illərdə ayrılan vəsaitlər hesabına cəmi 40 milyon manat məbləğində 5 satınalma həyata keçirilib. Bu məbləğin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib. Həmçinin hər il orta hesabla 134 abidədə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Bu işlərə illik ayrılan vəsait isə təxminən 90 milyon manat təşkil edir. Proqram artıq başa çatıb, lakin abidələrin yarıdan çoxunun hələ də bərpaya ehtiyacı var.