Gürcüstanın müsəlman din xadimləri Qarabağa səfər edəcəklər. Bu barədə aprelin 4-ü Aktual.ge xəbər verib.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə Ramazan bayramı münasibətilə keçirilən tədbirdə bildirib ki, Qarabağa səfər qısa zamanda səfirlik tərəfindən təşkil olunacaq. Din xadimləri işğaldan azad olunmuş ərazilərdəki məscidləri ziyarət edib, orada ibadət edə biləcəklər.

İşğal dövrü ərzində Qarabağda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə dağıdılıb. Qalan 4 məscid isə qismən dağıdılaraq yararsız vəziyyətə salınıb.

Hazırda Şuşa, Zəngilan və Ağdam məscidlərində təmir-bərpa işləri aparılır. Bundan əlavə, Şuşada, Hadrutda (Xocavənd) və Suqovuşanda (Tərtər) yeni məscidlərin təməli qoyulub.