Mayın 4-də Daxili İşlər Nazirliyindən (DİN) dələduz dilənçilərlə bağlı vətəndaşlara xəbərdarlıq edilib. Bu barədə Trend xəbər verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, bu cür hallarla məscid və ziyarətgahlar qarşısında daha çox üzləşmək mümkündür. Bu cür insanlar vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd göstərirlər.

“Vətəndaşlar tərəfindən də bu kimi hallar aşkarlanarsa, müşahidə olunarsa, dərhal DİN-in 102 zəng mərkəzinə məlumat versinlər”, – deyə DİN əməkdaşı əlavə edib.

Bundan öncə, mayın 3-də Bakıda 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini özünü müharibə iştirakçısı kimi qələmə verərək vətəndaşları aldadıb. Məlumata görə, o, hərbi geyimdə və  əlil arabasında dilənçilik edərək insanlardan pul toplayırmış.