Ayətullah Hacı Şeyx İshaq Astarayi Lənkərani dövrünün böyük fəqih və alimlərindən olub. Şeyx 1902-ci ildə Ərçivan kəndində anadan olub. Atası Mirzə Ağa Abbas Qafqazi bu kəndin imanlı şəxslərdən biri idi.

O, kiçik yaşlarından ərəb ədəbiyyatını öyrənir. Şeyx 18 yaşında Lənkərana gəlir, bir müddət burada qalır, sonra isə Ərdəbilə səfər edir. O, burada orta səviyyədə dini təhsilini tanınmış alimlərdən, o cümlədən Müqəddəs Ərdəbili və Şeyx Abdullah Ərdəbilidən alır. 1928-ci ildə Lənkərani Məşhədə gedir və orada beş il təhsil alır. Bu müddət ərzində Mirzə Əbul Qasim Həkim, Ağa Bozorq Həkim, Şeyx Həsən Bəsi, Əzim Nişaburi, Mirzə Qasım Qəzvini kimi alimlərin dərslərində iştirak edir, İslam elmlərini öyrənir.

1933-cü ildən Lənkərani İranın Qum şəhərində müəllimlik edib, fiqh və üsulun xaric dərslərini keçib. O, Ayətullah Şeyx Əbdül Kərim Hairi Yezdi, Seyyid Məhəmməd Heyyət Təbrizi, Seyyid Məhəmməd Təqi Xorasani kimi alimlərin dərslərində iştirak edib, İslam elmlərində ictihad dərəcəsinə çatıb. Şeyx İshaq Ayətullah Heyyət Təbrizinin və Ayətullah Burucerdinin mərcəyi-təqlidi olduğları dövrlərdə onların ən yaxın dostlarından və köməkçilərindən biri idi.

Şeyx İshaq 1972-ci ildə Qum şəhərində vəfat edib və Əbül-Hüseyn qəbiristanlığında dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
  3. Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.