Ayətullah Hacı Şeyx Hüseyn Şirvani Qumi öz dövrünün fəqih və alimlərindən idi. O, 1844-cü ildə Qum şəhərində anadan olub. Atası Mirzə Əli Məhəmməd Şirvandan Quma köçərək, orada sakin olub.

Hacı Şeyx Hüseyn gənclik illərində İsfahan şəhərinə gəlib, məşhur alimlərdən, o cümlədən dövrünün fəqihi olan Şeyx Məhəmməd Baqir İsfahanidən dərs almağa başlayıb. Sonradan mərcəyi-təqlid olan iki nəfər tələbə ilə birlikdə dərs alıb, mübahisə edirlərmiş (biri “Ürvətul-vüsqa” kitabının müəllifi Səyyid Kazım Təbatəbai Yəzdi, digəri isə Şeyx Məhəmməd Təqi İsfahani, “Ağa Nəcəfi” adı ilə məşhurdur). Qumi 1865-ci ildə şəxsi vəasiti hesabına üç şagirdi dini elmlərini ali dərəcədə təkminləşdirmək üçün Nəcəfə göndərir.

Şeyx Qumi yeddi il müddətində Şeyx Mərrani Nəcəfi və başqa adlı-sanlı alimlərin üsul və fiqh dərslərində iştirak edərək, fiqh elmində yüksək məqama nail olur.

O, 1871-ci ildə qəhətlik illərində Tehrana köçür və Fələkabad adlı məntəqədə sakin olur. Öz şəri vəzifəsini davam etdirib, bu şəhərdə dərs deyir. Alimin “Əl-Bəşiru-lillah” (ərəb dilində yazılıb, qiyamət günü haqqında bəyandır), “Əl-Mövizətuş-Şafeiyyə” (oruc tutmağın qayda-qanunları və xüsusiyyətləri barəsindədir) kimi elmi əsərlər və əlyazmalar yadigar qalıb.

Şirvani Tehranda məşhur alim Seyyid Əzizullah Tehraninin qızı ilə ailə qurur və övlad sahibi olur. Alimin oğlu Şeyx Həsən Qumi, alim və fazil şəxsiyyətlərdən olub.

Hacı Şeyx Hüseyn 1910-cu ildə Nəcəfi və Kərbəlanı ziyarət edib, Tehrana qayıdır.

Ayətullah Hacı Şeyx Hüseyn Şirvani Qumi 1918-ci ildə Tehranda vəfat edib və orada dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.