Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ölkənin tarixi, mədəniyyət və dini abidələrinin bərpalarında baş verən yeyintilər haqqında danışıb. Paşayeva bildirib ki, aidiyyəti qurumlarda yoxlamalar aparılıb və audit nəticəsi çox böyük narahatlıq yaradıb. Bu barədə aprelin 2-i Qafqainfo xəbər verib.

“Biz bu nəticələri müzakirə etdik. Hesab edirik ki, bu, qurumun fəaliyyətində əsaslı dönüş üçün xəbərdarlıq olmalıdır”, – deyə komitə sədri əlavə edib.

Bildirilir ki, 2014-2020-ci illərdə abidələrin bərpası üzrə dövlət proqramı aparılıb. Hər il orta hesabla 134 abidədə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Bu işlərə illik ayrılan vəsait isə təxminən 90 milyon manat təşkil edir. Məlumata görə, proqram artıq başa çatıb, lakin abidələrin yarıdan çoxunun hələ də bərpaya ehtiyacı var.

2020-2021-ci illərdə ayrılan vəsaitlər hesabına cəmi 40 milyon manat məbləğində 5 satınalma həyata keçirilib. Bu məbləğin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib. 2014-2020-ci illərdə 13 abidənin bərpası üzrə 603 570 manat məbləğində 13 satınalma müqaviləsi bağlanıb. Lakin 01.01.2021-ci il tarixinədək həmin abidələrdən yalnız Şəki şəhərindəki Gileyli məscidinin minarəsi təmir olunub. Minarənin layihə-smeta xərci 75543,6 manat təşkil edib.

“Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı”, – deyə deputat vurğulayıb.

Bundan öncə, Şəkinin Gileyli məscidinin təmir-bərpa işlərində yeyintiyə yol verilmə halı aşkar edilib. Məscidin minarəsində həyata keçirilmiş 1099707,34 manat dəyərində bərpa-gücləndirmə işlərində maddi vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Hazırda da Azərbaycanda Gəncə məscidləri və Novxanı Şah Sultan kimi bir çox tarixi məscidlər yararsız vəziyyətə düşüb. Bu günədək də onların təmirinə start verilməyib.