Zəmanə İmamının (ə.s) insanların arasında olduğu dövrdə fitr və qurban bayramı namazının qılınması vacibdir və camaatla qılınmalıdır. Lakin qeyb dövründə bayram namazının qılınması müstəhəbdir. Bundan əlavə, onu camaatla, yaxud fərdi namaz kimi qılmaq da olar. Bu namazın qılınma vaxtı Fitr və Qurban bayramlarında günçıxandan zöhrədəkdir.
Namazın qılınma qaydası:
Fitr namazı iki rükətdir. Birinci rükətdə Fatihə və ikinci surədən sonra beş təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur.
Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və iki səcdə yerinə yetirilir. İkinci rükətdə isə Fatihə və ikinci surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur.
Sonuncu qunutdan sonra isə təkbir deyilib birinci rükətdə olduğu kimi ruku və iki səcdə yerinə yetirilir.
Birinci və ikinci rükətlərdə Fatihə surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə Fatihədən sonra “Şəms”, ikinci rükətdə isə “Ə’la” surəsi oxunsun. Həmçinin fitr namazının ucadan və üstüaçıq yerdə qılınması bəyənilir.
Azərbaycanda bayram namazı mayın 2-də qılınacaq. Namaz səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir, Heydər və Bibi Heybət məscidlərində qılınacaq. Digər məscidlərdə də bayram namazının qılınması nəzərdə tutulub.