Səudiyyə Ərəbistanında Doktor əl-Şehri ramazan ayında iftar zamanı çoxlu su içməyin təhlükəli olduğunu bildirib. Bu barədə İslamNews xəbər verib.

Doktor əl-Şehri qeyd edib ki, bir saat ərzində bir litr su içilsə, insanda “sudan zəhərlənmə” – hiponatremi simptomları yarana bilər. Şiddətli hiponatremi zamanı mərkəzi sinir sisteminin fəaliyyəti pozulur və hətta beyin ödemi baş verə bilər.

Bu fikirlər ölkədə narahatlıq yaradıb. Bununla bağlı Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Şurası həkimin fikirlərinə açıqlama verib: “Həkim tibbi araşdırmalara və normalara əsaslanmayan şəxsi fikrini bildirib”.

Bildirilir ki, böyüklər üçün bir saat ərzində bir litr su içmək təhlükəli nəticələrə səbəb olmur. Bu həcm yalnız uşaq üçün çox ola bilər. 2014-cü ildə ABŞ-da 5 yaşlı Aleksa Linbum 2 saat ərzində 2 litr qazlı üzüm içkisi qəbul etdikdən sonra beyin ödemindən vəfat edib. Qızın valideynləri onun icazəsiz içkini açmasına cəza olaraq uşağı həmin içkini içməyə məcbur ediblərmiş.