Həmrəylik əlaməti olaraq və islamofobiyaya qarşı çıxmaq üçün dünyada ramazan ayında qeyri-müsəlmanlar da oruc tuturlar. Bu barədə aprelin 29-u İslamNews xəbər verib.

“Ümumdünya Hicab Günü” təşkilatının təşəbbüsü ilə keçirilən “Birlik üçün oruc” tədbirində 25-dən çox ölkədən insanlar iştirak edir. Bildirilir ki, iştirakçılar üçün 30 gün oruc tutmaq mütləq deyil, hər həs bacardığı qədər oruc tutur.

Britaniyalı müğənni Keyt Steybls artıq ikinci dəfədir ki, ramazanda müsəlmanlarla birgə oruc tutur. “Mən başa düşdüm ki, gündəlik iş rejimimi tamamilə dəyişdirməliyəm. Əməllərim, eləcə də insanlar və ətrafdakı dünya haqqında düşünməyə vaxt ayırmalıyam”, – deyə o, sosial hesabında yazıb.

“Ümumdünya Hicab Günü” təşkilatı 2013-cü ildə Nyu-Yorkda təsis edilib. Təşkilat üzvləri ABŞ-da müsəlmanların 60 faizinin məruz qaldığı islamofobiyanı mütəmadi olaraq aradan qaldırmağa yönəlmiş aksiyalar keçirirlər.