Məscid Astara şəhərinin Qum küçəsi, 157 ünvanında yerləşir. İbadətgahın əsas giriş qapısının üstündəki daş lövhədə buranın inşa tarixi qeyd olunub. Lövhədə məscidin hicri-qəməri təqvimi ilə 1325-ci (1907) ildə tikildiyi haqda məlumat əks edilib. İbadətgah yerli əhali tərəfindən tikilib. İbadət evinin tikintisinə mesenat Hacı Zeynalabdin Tağıyev də maddi yardım göstərib.

Maraqlı bir fakt da odur ki, sovet hakimiyyəti dövründə Cənub bölgəsində yalnız bu məscid fəaliyyətini davam etdirib.

İbadətgahın tutumu 200 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa edilib. Məscidin ön tərəfində ağ rəngdə tağvari formada iki qapı və pəncərə var. İbadətgahın tavanı taxtadan, damı isə kirəmitdəndir. İbadət evinin günbəzi səkkizguşəlidir və şəbəkələrlə işlənib. Məscid iki hissəyə bölünür: qadılar və kişilər şöbəsi.

1992-ci ildə burada təmir-bərpa işləri aparılıb.

Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
  3. https://525.az
  4. https://kataloq.gomap.az