İlahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanda qızların təhsilindən danışıb: “Azərbaycanda qadınların təhsil almasında heç bir problem yoxdur. Düşünürəm ki, deputat Fazil Mustafanın qız məktəblərinin yaradılması ilə bağlı verdiyi təklif heç də pis deyil”. Bu barədə aprelin 29-u Oxu.az xəbər verib.

Hacı Şahin bildirib ki, din qadınların kişilərlə bir müəssisədə işləməsini və oxumasını qadağan etmir. Din xadimi istər dini baxışdan, istər də insanın şəxsi baxışına görə, qızlar üçün alternativ olaraq məktəbin yaradılmasını müsbət qarşılayır. O qeyd edib ki, əgər Bakı Qızlar Universiteti kimi ali təhsil ocağı varsa, niyə də qız məktəbləri olmasın.

Şahin Həsənli onu da əlavə edib ki, bəzi insanlar dinə istinad edib, qızları təhsildən məhrum edirlər. Lakin bunun düzgün olmadığını və İslamda təhsilin həm kişilər, həm də qadınlar üçün vacib olduğunu bildirib.

Daha öncə, deputat Fazil Mustafa “Astar” verilişində Ulvira Qarayeva ilə müsahibədə bildirib ki, hər bir qadının təhsili məcburi olmalıdır. Qızlar üçün oğlanlardan ayrı məktəb açılmalıdır. Bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər. Ulvira Qarayeva bu fikrə cavab olaraq bildirib ki, qızlar oğlanlarla ayrı məktəbə getsələr, kişilər çalışan iş yerlərində fəaliyyət göstərməyəcəklər.