Səudiyyə Ərəbistanı ölkədə “Marvel”in yeni filmini – “Doktor Strenc: Dəlilik multikainatında”nı qadağan edib. Bu barədə aprelin 27-si İslamNews xəbər verib.
Buna səbəb filmdəki 12 saniyəlik söhbətdir. Bildirilir ki, aktrisa Soçil Qomezin canlandırdığı superqəhrəman Amerika Çaves onun “iki anasından” bəhs edir. Səudiyyə Ərəbistanı “Disney”dən ölkə üçün lezbian cütlükdən gedən söhbəti filmdən kəsməyi tələb edib. Lakin “Marvel” bundan imtina edib.
Filmin gələn aykı nümayişi ərəfəsində Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə biletlərin satışı ləğv edilib.
Marvel komikslərində onlarla LGBT qəhrəmanı var, lakin daha öncə kinostudiya onları ekranda nümayiş etdirməkdən çəkinirdi. Bu ilin əvvəlində “Disney”ə məxsus olan “Pixar” studiyasının bir qrup işçisi “Disney”ə məktub yazıb, onu LGBT-ya qarşı ayrı-seçkilikdə ittiham etmişdilər.
Daha sonra, martın 31-i “Disney” kinostudiyası yeni filmlərində LGBT personajlarının sayını artıracağını elan edib. “Disney”in prezidenti bu qərarı dəstəkləyərək qeyd edib ki, onun iki övladı var və onlar da LGBT nümayəndələridir.