Hər il ramazan ayının və Fitr bayramının sabit olması barədə mübahisələr yaranır. Bu il də Azərbaycan müsəlmanları eyni məsələ ilə üzləşir. Buna aydınlıq gətirmək məqsədilə Sirat.az məqalə hazırlayıb.

Adətən, insanların əksəriyyəti moonsighting.com adlı astronomik xəritəyə müraciət edir. Xəritəyə əsasən, bütünlükdə Azərbaycan və İranın əksər hissəsi qırmızı zolaqla örtülüb. Bu, həmin zonada ayın yalnız optik cihazla görünə biləcəyinə işarədir.

Türkiyə, İraq, Səudiyyə Ərəbistanı və Qərbi Avropa boz zolaqdadır. Bu, həmçinin o deməkdir ki, ay adi gözlə deyil, teleskopla görünəcək. Lakin qırmızı zonadan fərqli olaraq, burada tam təmiz hava şəraitində ayı adi gözlə görmək ehtimalı yaranır.

Xəritəyə nəzər saldıqda bu il Azərbaycanın İranla eyni, lakin İraqla fərqli üfüqdə yerləşdiyini görmək olar. Bu xüsusda müqəllidlər öz müctəhidlərinin fətvasını əsas götürüb bayram edə bilərlər. Belə ki, fəqihlərin bir qismi ayın teleskopla müşahidəsini düzgün hesab edir.

Alimlərin rəyi:

Ayətullah Sistani – may ayının 2-si Azərbaycanda bayram sayılmayacaq. Səbəb isə mayın 1-i axşam ölkədə ayın adi gözlə görünməməsidir (qırmızı zona). İraq üçün də ayın sabit olacağı dəqiq deyil. Belə ki, keçən illər bu cür hallarda (İraq ərazisi boz zolağa düşəndə) İraqda bayram edilmirdi. Hər bir halda, alimin ofisi İraq üçün bayram elanı versə belə, Azərbaycan üçün keçərli olmayacaq. Çünki xəritəyə görə, bu il Azərbaycan və İraq fərqli üfüqlərə malikdir (qırmızı və boz zolaqlar).

Ayətullah Xameneyi – mayın 2-nin bayram elan ediləcəyi ehtimal edilir. Belə ki, fəqihin rəyinə görə, ayın optik cihazla görünməsi kifayətdir. Azərbaycanda da mayın 1-i axşam ay optik cihazla görünəcək (qırmızı zolaq). Bu səbəbdən bu il alimin sözü Azərbaycandakı müqəllidləri üçün keçərli sayılacaq.

Ayətullah Xorasani – mayın 2-nin bayram elan ediləcəyi ehtimal edilir.

Ayətullah Məkarim Şirazi – mayın 2-si ayın əvvəli sabit olmayacaq. Çünki fəqihin rəyinə görə, bir şəhərdə ay görünməsi yalnız ona yaxın olan şəhərlər üçün keçərlidir. Alimin rəsmi saytındakı istiftaatda da qeyd olunub ki, İranın bütün şəhərləri eyni üfüqə malik deyil.

Bütün bunlar yalnız böyük bir ehtimaldır. Dəqiq məlumat yalnız ramazanın axırları məlum olacaq.