Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin ətraf küçələrində yol təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi xəbər verib.

Hazırda məscidin yerləşdiyi Ağadadaş Qurbanov küçəsi (295 metr) asfaltla üzlənir. Piyadaların hərəkəti üçün isə səkilər çəkilir. Bundan əlavə, küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları və yol nişanları ilə təchiz olunacaq.

İki həftəyə yaxındır ki, məscid ətrafındakı küçələrdə təmir işləri aparılır. Bu səbəbdən küçədə avtomobillərin hərəkətində sıxlıq yaranır. Narahatlıq, əsasən, Qədr gecələrində müşahidə edilirdi. Belə ki, ibadətə gələn ziyarətçilər avtomobil dayanacağı problemləri ilə üzləşirdi.

Adətən, Məşədi Dadaş məscidində məclis keçirilən gecələr ziyarətçilərin bir hissəsi ibadət evinin qarşısında, küçədə əyləşir. Təmir prosesi zamanı havada yaranan toz isə onları narahat edirdi.