Bibiheybət məscidinin ziyarətçisi axşam vaxtı orada namaz qıla bilmədiyindən şikayətlənib. Bu barədə aprelin 28-də Bizim.Media xəbər verib.

Hadisə iki gün əvvəl, aprelin 26-da baş verib. Bakı şəhər sakini Müşfiq Əliyev məscidə axşam namazını qılmaq üçün gəldiyini bildirib. Onun sözlərinə görə, ibadətgahın gözətçisi məscidin bağlı olduğunu və namaz qılmaq mümkün olmayacağını deyib.

Ziyarətçi İslam ölkəsində, xüsusilə də, müqəddəs ayda başına gələnlərdən narazı olduğunu qeyd edib. “Türkiyədə addımbaşı rast gəldiyimiz məscidlərin heç biri axşamlar bağlanmır. Üstəlik, Ramazan ayında ibadət evləri daha aktiv fəaliyyət göstərir. Əhya gecələrində isə insanlar məscidlərə toplaşıb səhərə qədər birgə ibadət edib, namaz qılırlar. Biz isə axşam namazını qılmaq üçün qapısı açıq məscid tapa bilmirik”, – deyə Müşfiq Əliyev əlavə edib.

Bibiheybət məscidinin axundu Rahib Babayev isə bildirib ki, məscid ümumi qayda ilə fəaliyyət göstərir.

“Sübh namazından şam namazına qədər açıq oluruq. Yəni, şam namazına gələn insanlar namaz qıldıqdan və iftarı açdıqdan sonra məscid sübh namazına qədər bağlanır. Bu, bütün məscidlərdə belədir. Qaldı ki, səhərə qədər məscidin açıq olmağına, nə vaxtsa bununla bağlı Azərbaycanda da qərar verilsə, biz də həmin şəkildə fəaliyyət göstərərik”, – deyə Bibiheybət məscidinin axundu qeyd edib.

Bibiheybət ziyarətgah kompleksi Azərbaycandakı müsəlmanlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, burada İmam Rzanın (ə.s) bacısı xanım Həkimə (s.ə) dəfn olunub. Hər bir ölkədə İmamzadə ocaqları və İmamların (ə.s) hərəmləri gün ərzində ziyarətçilərin üzünə açıq olur. Lakin Azərbaycanda məscid və ziyarətgahlar gecə saatlarında fəaliyyət göstərmir.